Titə 1-3
Titə 1 1Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum. 2Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. 3Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi. 4Ümumi imana görə mənə əsl oğul olan Titusa Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun! Titin Kritdəki vəzifəsi 5Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım. 6Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır. 7Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı, 8əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır. 9Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır. 10Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var. 11Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər. 12Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur». 13Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun, 14Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar. 15Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir. 16Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar.
Titə 2 Sağlam təlimin əhəmiyyəti 1Sənsə sağlam təlimə uyğun olanı öyrət. 2Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar. 3Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək 4tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər, 5ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz. 6Gənc oğlanlara da ağıllı-kamallı olmaq üçün nəsihət ver. 7Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli olaraq 8tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın. 9Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, 10oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər. 11Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. 12Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. 13Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. 14O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. 15Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin.
Titə 3 İmanlılara yaraşan rəftar 1İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. 2Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. 3Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik. 4Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman 5bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. 6Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, 7Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. 8Bu söz etibarlıdır. Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. 9Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. 10Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. 11Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir. Xahişlər və xudahafizləşmə 12Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam. 13Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın. 14Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar. 15Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun!
|