Yəhuda 1
1İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam! 2Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin! Günah və məhkumiyyət (2Pet. 2:1-22) 3Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim. 4Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə Pərvərdigarı – Rəbbimiz İsa Məsihi inkar edən bəzi allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdır. 5Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi. 6Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. 7Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. 8Eyni şəkildə aranıza girən bu röyagörənlər də öz cismini murdar edir, ağalığı rədd edir, ehtişamlı varlıqlara şər atırlar. 9Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində iblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət etmədi, ancaq «Qoy Rəbb sənə qadağan etsin!» dedi. 10Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar. 11Vay onların halına! Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar etdilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular. 12Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizinlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və iki dəfə ölmüş ağaclardır. 13Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. 14Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki, 15hamını mühakimə etsin və Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin». 16Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət edirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar. Xəbərdarlıq və nəsihətlər 17Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. 18Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq». 19Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır. 20Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. 21Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. 22Şübhə edən adamlara qarşı mərhəmətli olun; 23başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin. 24Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan 25Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
|